Əkinçi
802 episodes — Page 2 of 17

S8 Ep 8Səhnə və texnologiya: İnsan, maşın və təxəyyül | Aynur Zərrintac
Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının təsisçisi və rejissor Aynur Zərrintac interaktiv medianın müasir teatrı necə transformasiya etdiyini öz təcrübələri əsasında izah edir. Qonağımız qeyd edir ki, texnologiyanın teatra cəlb edilməsi tamaşaçının passiv izləyicidən prosesin bir hissəsinə çevrilməsi üçün geniş imkanlar yaradır. Bununla yanaşı, Zərrintac əldə edilən yeni imkanlarla bərabər etik dilemmaların fərqində olmağı, eləcə də sənət və tamaşaçı qarşısında məsuliyyəti unutmamağı olduqca vacib hesab edir.

S8 Ep 5Xaricdə təhsil: miflər, reallıqlar və gənclərin buraxdığı səhvlər | Jalə Ələkbərova
Jalə Ələkbərova çıxışında gənclərə xaricdə təhsilə status və ya qaçış yolu kimi baxmağı dayandırmağı tövsiyə edir. Qonağımız vurğulayır ki, bu qərar emosiyalar və sosial medianın təsiri ilə deyil, rasional və strateji düşüncə əsasında verilməlidir. Uzun illər gənclərlə çalışaraq əldə etdiyi müşahidələrə əsaslanan Ələkbərova bildirir ki, bir çox gənc xaricdə təhsil almaq istəyir, lakin bu istəyin səbəblərini və onun uzunmüddətli məqsədlərlə necə əlaqələndiyini aydın şəkildə müəyyənləşdirmir.

S8 Ep 4Ədəbiyyatı necə öyrətməliyik? | Ramil Əhməd
Ramil Əhməd ədəbiyyatın nə olduğu barədə təsəvvürlərimizin onun necə tədris olunmasına birbaşa təsir etməsindən danışır. Qonağumuz bildirir ki, xüsusilə məktəb proqramlarında hakim olan dar yanaşmalar şagirdlərin təxəyyülünü və tənqidi düşünmə qabiliyyətini məhdudlaşdırır. Ramil Əhməd həmçinin vurğulayır ki, ədəbiyyat bu gün tez-tez cansıxıcı və aktuallığını itirmiş bir fənn kimi qəbul olunur. Məhz buna görə də o, ədəbiyyat tədrisinin daha canlı, açıq və dinamik bir prosesə çevrilməsini təklif edir.

S8 Ep 3Kino sənayesində süni zəka | Hacı Səfərov
Süni intellekt son bir neçə ildə müxtəlif istiqamətlərdə gündəlik fəaliyyətin ayrılmaz hissəsinə çevrilib. Yaradıcı sahələrdə bu alətlərin tətbiqi prosesin məntiqli davamı kimi görünsə də, onlara qarşı müqavimət hələ də kifayət qədər güclüdür. Kinotənqidçi Hacı Səfərovla müsahibədə süni intellektin yaradıcı sənayenin lokomotivi sayılan kinoya təsiri, eləcə də doğurduğu yaradıcı və etik suallar barədə söhbət etdik. Qonağımız bildirir ki, bu mövzuya birmənalı müsbət və ya mənfi yanaşmaq doğru deyil, əsas məsələ süni intellekt alətlərindən məsuliyyətli şəkildə istifadə etməkdir.

S8 Ep 2Keyfiyyəti şübhə doğuran elmi məqalələr | Anar Vəliyev
ADA Universitetinin dosenti Anar Vəliyev çıxışında qlobal miqyasda universitetlər arasında reytinq rəqabətinin necə yanlış istiqamət aldığını izah edir. Qonağımızın sözlərinə görə, reytinqləri yüksəltmək cəhdi bir çox ali məktəbdə elmi keyfiyyətdən çox, elmi məqalə sayının artırılmasına fokuslanmağa səbəb olub. Bu boşluğu fürsətə çevirən şirkətlər isə bu məqalələrin standartlardan kənar şəkildə, sürətli və kütləvi nəşrini təklif etməyə başlayıblar. Nəticədə elmi dəyəri zəif olan, aşağı keyfiyyətli elmi məqalələrin sayı sürətlə artıb.

S8 Ep 1ABŞ-Avropa münasibətləri və NATO-nun böhranı | Rəşad Şirin
Radboud Universiteti (Niderland) araşdırmaçısı Rəşad Şirin hesab edir ki, ABŞ-Avropa münasibətlərində mövcud gərginliklərin əsas səbəbi NATO-nun rolunda yaranmış böhrandır. Qonağımızın sözlərinə görə, Sovet İttifaqı dağıldıqdan sonra NATO-nun mövcudluq məqsədi ilə bağlı suallar, o cümlədən üzv ölkələrin müdafiə xərclərindəki fərqlər uzun illərdir mübahisə mövzusu olub. Xarici siyasətdə təcridçiliyə meylli olan hazırkı ABŞ administrasiyasının hakimiyyəti dövründə isə bu fikir ayrılıqları daha da kəskinləşib.

S7 Ep 84Kiçik bizneslər və sosial media | Lalə Kişiyeva
Yeni videomuzda media mütəxəssisi Lalə Kişiyeva sosial medianın kiçik bizneslər üçün necə dönüş nöqtəsinə çevrildiyini izah edir. Onun fikrincə, sosial media böyük büdcələr olmadan bazara daxil olmağa və müştərilərlə birbaşa ünsiyyət qurmağa imkan verir. Bu, yalnız satış deyil, uzunmüddətli münasibət qurmaq deməkdir. Qonağımız vurğulayır ki, uğurlu sosial media strategiyası auditoriyanı tanımaqdan başlayır: kimin üçün danışırıq, onların ehtiyac və dəyərləri nədir. Bu məlumatlar əsasında vizual üslub və mesajlar davamlı olmalıdır ki, brend tanına bilsin.

S7 Ep 83Tibb bacısı/qardaşı peşəsi haqda bilməli olduqlarımız | Dr. Gülşah Ünsal Jafarov
Bizim söhbət zamanı Dr. Gülşah Ünsal Jafarov deyir ki, çoxları hələ də tibb bacılarını və tibb qardaşlarını yalnız iynə vuran, qan götürən, göstəriciləri ölçən və ya cərraha alət ötürən köməkçi kimi təsəvvür edir. Halbuki tibb bacılığı dərin nəzəri bilik, elmi yanaşma, klinik düşüncə və yüksək peşəkarlıq tələb edən mürəkkəb bir sahədir. Qonağımız vurğulayır ki, bu peşəyə təkcə təcrübə ilə yiyələnmək mümkün deyil; onun əsasında akademik hazırlıq və elmi bilik dayanır. Elə buna görə də müxtəlif ölkələrdə olduğu kimi, Azərbaycanda da bu ixtisas artıq universitet səviyyəsində tədris olunur.

S7 Ep 82“Təhsil üçün əl-ələ” layihəsi | Şəbnəm Məmmədli
Britaniya universitetlərinin məzunları tərəfindən həyata keçirilən “Təhsil üçün əl-ələ” təşəbbüsü artıq 9 ildir ki, ucqar məktəblərə səfər edərək şagirdlərə gələcək ixtisas və peşə seçimində yardım etməyə çalışır. “Təhsil üçün əl-ələ” könüllüləri Elm və Təhsil Nazirliyinin və Britaniya səfirliyinin dəstəyi ilə 46 rayon üzrə 60-dan çox məktəbə baş çəkib, ümumilikdə 3,000-dən çox şagirdlə görüşüblər. Bu təşəbbüsün missiyası, nailiyyətləri və gələcək planları haqqında daha ətraflı məlumatı təşəbbüsün koordinatoru Şəbnəm Məmmədli ilə çəkilişimizi izləyərək əldə edə bilərsiniz.

S7 Ep 81Muzeylər niyə əhəmiyyətlidir? | Şirin Məlikova
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova ilə muzeylərin mədəni yaddaşın qorunması və kimliyin formalaşmasında oynadığı rol haqda danışdıq. Muzeylərin sadəcə eksponatların sərgiləndiyi məkan olmadığını deyən müsahib əlavə edir ki, mədəni irsin toplanması, qorunması, bərpa edilməsi, araşdırılması və gələcək nəsillərə çatdırılması muzeylərin gördüyü işlərə daxildir. Şirin Məlikovanın fikrincə, son illərdə Azərbaycanda muzeyləri ziyarət edənlərin sayının artması və bu ziyarətçilər arasında gənclərin payının yüksəlməsi ölkənin gələcəyi üçün ümidverici bir göstəricidir.

S7 Ep 80Diaspora nədir? | Murad Quliyev
Yeni videomuzda sosial elmlər üzrə tədqiqatçı və tarixçi Murad Quliyev “diaspora” anlayışının mahiyyətini, bu anlayışın zamanla necə dəyişdiyini və bu gün niyə böyük əhəmiyyət kəsb etdiyini izah edir. “Diaspora” sözü ilk dəfə İsraildən kənarda yaşayan yəhudiləri təsvir etmək üçün istifadə olunsa da, XX əsrdən etibarən bu anlayış artıq vətənindən kənarda yaşayan istənilən etnik qrupa şamil olunmağa başladı. Qonağımız nitqində alimlərin diaspora haqda fikirləri ilə yanaşı, tarixi vətənindən kənarda yaşayan icmaların xüsusiyyətlərini, həmçinin müasir dövrün diaspora növlərini izah edir.

S7 Ep 79Azərbaycan Milli Hökuməti necə yarandı və niyə süqut etdi? | Qulamhüseyn Məmmədov
Yeni videomuzda tarixçi, Qarabağ Universitetinin müəllimi Qulamhüseyn Məmmədovla 1945-ci ilin dekabrından 1946-cı ilin dekabrınadək İranda mövcud olmuş Azərbaycan Milli Hökuməti haqqında danışdıq. Qonağımız bu hökumətin qurulmasına aparan regional və qlobal müstəvidə baş verən tarixi prosesləri, İran, Sovet İttifaqı və digər qlobal qüvvələr arasındakı münasibətləri təsvir edir və Pişəvəri hökumətinin həyata keçirdiyi işlər barədə ətraflı məlumat verir.

S7 Ep 78Qərarların verilməsində data və instinkt arasında balans | Ağası Quliyev
Google şirkətinin data təhlilçisi Ağası Quliyevlə qərarların qəbulunda datanın, təcrübənin və instinktlərin rolu barədə söhbət etdik. O vurğulayır ki, data düzgün təhlil edildikdə bizi doğru istiqamətləndirə bilər, amma təhlil zamanı yol verilən nöqsanlar ciddi fəsadlara səbəb ola bilər. Qonağımız qeyd edir ki, şəxsi həyatda qərarlarımıza təsir edən qərəzlər, xüsusilə Təsdiq və Sağ Qalma Qərəzləri, məlumatı obyektiv qiymətləndirməyə mane olur. O yekunda bildirir ki, ən sağlam qərarlar datanın gücü ilə insan instinktinin balansından yaranır.

S7 Ep 77Kod yazmağı bacarmaq üçün universitet təhsili hələ də vacibdirmi? | Araz Yusubov
Yeni müsahibəmiz kompüter elmləri sahəsində ixtisaslaşmada universitet təhsilinin nə dərəcədə vacib olub-olmamasına həsr olunub. ADA Universitetinin müəllimi Araz Yusubov qeyd edir ki, proqramlaşdırmaya çıxışın asanlaşması yanlış təsəvvür yaradır, lakin bu sahədə effektiv olmaq üçün analitik düşüncə, məlumatlılıq və yaradıcılıq olduqca önəmlidir. Araz Yusubovun fikrincə, universitetlər artıq özlərini yalnız bilik verən qurumlar kimi deyil, innovasiya və təşəbbüskarlıq mərkəzləri kimi təqdim edirlər.

S7 Ep 76Su Ehtiyatlarının İdarəedilməsi üzrə Magistratura Proqramı | Martin Qodon
Azərbaycan-Fransız Universiteti artıq on illik fəaliyyəti nəticəsində ölkəmizdə müasir elmi və texnoloji təhsilin mühüm mərkəzinə çevrilib. Həm Azərbaycan, həm də Fransa diplomu qazanmaq imkanı verən universitet bu payız “Su Ehtiyatlarının İdarəedilməsi” adlı yeni magistr proqramına start verib. Universitetin baş katibi Martin Qodon bildirir ki, bu ixtisas ölkənin iqtisadi inkişaf prioritetlərinə, eləcə də qlobal trendlərə cavab verir və proqram su, enerji və iqlim problemlərinə elmi və mühəndislik yanaşması ilə həll tapmağa yönəlib.

S7 Ep 75Tələbələri süni zəka ilə bağlı düşündürməli olan suallar | Teymur Məlikov
Süni zəka təhsildə böyük imkanlar açır, amma eyni zamanda vacib suallar doğurur. Teymur Məlikov soruşur: əgər hər şeyi hazır cavablarla əldə ediriksə, müstəqil düşünməyi necə öyrənəcəyik? Onun fikrincə, tələbələrin səsi bu müzakirələrdə eşidilməlidir, çünki süni zəkanın ən fəal istifadəçiləri elə onlardır. Müəllimlərin əsas missiyası isə onları düşünməyə və suallar verməyə təşviq etməkdir. Məlikov vurğulayır ki, süni zəka dəyərli bir fürsətdir, amma insanın yaradıcılığı və təfəkkürü həmişə ön planda qalmalıdır.

S7 Ep 74Təhsildə valideynlərin rolu | Elnur Xəlilov
Təhsil sistemi ilə bağlı narazılıqların və məktəblərdən yüksək gözləntilərin bütün ölkələrə xas xüsusiyyət olduğunu deyən riyaziyyat müəllimi və müəllif Elnur Xəlilov əlavə edir ki, valideynlər çox vaxt uşaqlarının təhsil nailiyyətlərində öz rollarını nəzərə almırlar. Müxtəlif araşdırmalara əsasən valideynlər və uşağın böyüdüyü mühit onun akademik uğurlarına məktəbdən daha çox təsir göstərir. Qonağımız vurğulayır ki, evdə kitab oxumaq, gündəlik söhbətlər aparmaq və övladın maraqlarına diqqət yetirmək uşaqların təhsildə böyük fərq yaradır.

S7 Ep 73Bağçanın uşaqların formalaşmasında rolu | Nilufər Mehdiyeva
Pedaqoq, uşaq inkişaf mütəxəssisi Nilufər Mehdiyeva vurğulayır ki, valideynlərin bir çoxu bağçanı yalnız öz işlərini gördükləri müddətdə uşaqlarının vaxt keçirəcəyi yer kimi görür. Halbuki bağça uşağın ilk sosial mühitidir və burada o, ayrılığa dözümlü olmağı, emosiyalarını idarə etməyi, paylaşmağı və empati qurmağı öyrənir. Onun sözlərinə görə, valideynin bağçaya münasibəti uşağın adaptasiyasına birbaşa təsir göstərir. Qonağımız əlavə edir ki, təbiətlə təmas və sərbəst qidalanma vərdişləri uşağın inkişafı üçün olduqca əhəmiyyətlidir və övladlarını bağçaya verən valideynlər bunu mütləq nəzərə almalıdırlar.

S7 Ep 72Proqramçılıq peşəsi necə dəyişib? | Cəmaləddin Həsənov
ADA Universitetinin müəllimi Cəmaləddin Həsənov ilə proqramlaşdırma ixtisasının son onilliklərdə keçdiyi transformasiya, hazırda bazarda bu ixtisas sahiblərinə olan tələbatın azalması ilə bağlı narahatlıqlar və potensial ixtisas seçərkən gənclərin nəzərə almalı olduqları məqamlar barədə danışdıq. Qonağımızın sözlərinə görə, süni intellekt və avtomatlaşdırma sayəsində proqramlaşdırma daha çox praktiki bacarıqlara çevrilib və bu sahəyə yiyələnmək daha əlçatan olub, lakin ixtisasa həqiqi dəyər gətirən, hər zaman insanların bu sahəyə göstərdiyi maraq və yaradıcı yanaşmadır.

S7 Ep 71Qadınların əmək hüquqları | Təranə Qurbanova
Qadınların əmək hüquqları qanunvericilikdə xüsusi yer tutur. Məsələn, işəgötürənlər qadınların ailə vəziyyətinə və ya övlad sahibi olmasına görə onlarla əmək müqaviləsi bağlamaqdan imtina edə bilməzlər. Qadınlar doğuşdan əvvəl və sonra ödənişli məzuniyyət, həmçinin əlavə istirahət günləri hüququna malikdirlər. Bundan əlavə, hamilə və azyaşlı övladı olan qadınların əmək müqaviləsinə yalnız müəssisə bağlandıqda və ya müqavilə müddəti başa çatdıqda xitam verilə bilər. İnsan resursları üzrə mütəxəssis Təranə Qurbanova əmək məcəlləsində nəzərdə tutulan bu müddəaları izah edir.

S7 Ep 70Vaksinlər barədə bilməli olduqlarımız | Şahnaz Həsənova
Bəşəriyyətin ən böyük ixtiralarından biri sayılan vaksinlər hər il milyonlarla insanın həyatını xilas edir. Hazırda 30 xəstəliyə qarşı peyvənd olduğunu deyən vaksinasiya kommunikasiyası üzrə mütəxəssis Şahnaz Həsənova əlavə edir ki, vaksinlər sayəsində çiçək xəstəliyi tamamilə aradan qaldırılıb, polionun isə tamamilə yox edilməsi gözlənilir. Bununla belə, son illər artan dezinformasiya bəzi valideynlərin uşaqlarını vaksinlərdən yayındırmasına səbəb olub. Qonağımız qeyd edir ki, tibb işçiləri valideynlərin narahatlıqlarını anlamalı, suallarını diqqətlə dinləməli və elmi əsaslarla cavablandırmalıdırlar.

S7 Ep 69Azərbaycanda aqrar sahənin potensialı və yeni dövrün çağırışları | Vüqar Mamedov
Sərmayələrin idarəedilməsi strategiyası üzrə mütəxəssis Vüqar Mamedovla ölkənin kənd təsərrüfatı sektorundakı nailiyyətlər və aqrar sahənin potensialı haqqında danışdıq. Qonağımız bu sahədə yüksək texnologiyaların tətbiqinin əhəmiyyətini vurğulayaraq, artıq dronların, süni intellektin və ağıllı sensorların kənd təsərrüfatını dəyişdiyini qeyd edir. Lakin spiker xəbərdarlıq edir: gələcək uğur təkcə texnologiyadan deyil, həm də yeni nəsil peşəkarların bu sahəyə cəlb olunmasından asılı olacaq.

S7 Ep 68Datadan yaranan xidmətlər həyatımızı necə daha rahat edir? | Yaşar Əhmədov
Data elmi artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Biz alış-veriş edəndə, musiqi dinləyəndə, taksidən istifadə edəndə və hətta münasibətlər quranda belə. Yaşar Əhmədov qeyd edir ki, data əsasında qurulan sistemlər insanların həm vaxtına, həm də resurslarına qənaət edərək, həyat keyfiyyətini yüksəldir. Qonağımız vurğulayır ki, gələcəyin uğuru datadan necə istifadə etməyimizdən asılı olacaq.

S7 Ep 67Süni zəka, əmək bazarı və qanunvericilik | Anar Əlizamanlı
Hüquqşünas Anar Əlizamanlı ilə süni zəkanın əmək bazarına və hüquqa təsirindən danışdıq. O bildirir ki, süni zəka konsultantlıq və hüquq kimi ağ yaxalı peşələri avtomatlaşdırmaqla yanaşı, çox sayda başlanğıc səviyyəli iş yerlərinin ixtisarına səbəb olub. Bu isə gənc mütəxəssislərin təcrübə qazanmaq imkanlarını məhdudlaşdıraraq, şirkətlərin və ölkələrin kadr yetişdirmə potensialını risk altına qoyur. Qonağımız qeyd edir ki, bəzi təhlilçilər bu innovasiyanın iqtisadiyyata müsbət təsir göstərəcəyinə inansalar da, mövcud hesabatlar süni zəkanın yeni iş yerlərindən dəfələrlə çoxunu ixtisar edəcəyini göstərir.

S7 Ep 66Sinif otağında süni zəka: Alət, müəllim, yoxsa təhdid? | Rəna Ələsgərova
Bakı-Oksford Məktəbinin tam orta təhsil üzrə direktor müavini Rəna Aləsgərova ilə süni zəkanın təhsildə transformativ rolunu müzakirə etdik. Spiker qeyd edir ki, bəzi təhsil müəssisələri süni zəkanın istifadəsini qadağan edir və ya məhdudlaşdırır. Halbuki süni zəka artıq siniflərdədir və onu qadağan etmək və ya yanlış tətbiq etmək əvəzinə, düzgün şəkildə təhsilə inteqrasiya etmək vacibdir. Rəna Aləsgərova vurğulayır ki, süni zəka şagirdlərin öyrənmə imkanlarını genişləndirə bilər, lakin onların tənqidi düşüncə və təhlil bacarıqlarının zəifləməsinin qarşısını almaq müəllimlərin əsas vəzifələrindən biridir.

S7 Ep 65Məktəblərdə uşaqların qorunması: İngiltərə təcrübəsi | Zeynəb Rzayeva
Təhsil eksperti Zeynəb Rzayeva ilə İngiltərə məktəblərində uşaqların mühafizəsi üzrə tədbirlər planlarının necə icra edildiyini müzakirə etdik. Qonağımız vurğulayır ki, uşaqların mühafizəsi tutduğu vəzifədən və gördüyü işdən asılı olmayaraq məktəb heyətinin bütün üzvlərinin məsuliyyətidir. O, əməkdaşların fiziki, emosional, cinsi istismar və laqeydlik kimi müxtəlif zorakılıq formalarını tanımasının və tərəddüd etmədən tədbir görməsinin vacibliyini qeyd edir.

S7 Ep 64Ölkədə idmana daha ciddi münasibət göstərilməlidir | Nəzrin Qəribova
ABŞ-da böyüyən Nəzrin Qəribova sonradan Azərbaycana köçüb. Hazırda xizək alpinizmi üzrə ölkə komandasının üzvü olan Nəzrin deyir ki, uşaq və yeniyetmə yaşlarında müxtəlif idman növləri həyatının ayrılmaz bir hissəsi olub. Onun sözlərinə görə, idman ona dözümlülük, komanda ruhu, özünəinam və intizam kimi dəyərləri aşılayıb və bu təcrübə həyatının hər mərhələsində ona faydalı olub. Qonağımızla gənclərin formalaşmasında idmanın rolu, xüsusilə də ABŞ və Azərbaycan gənclərinin idmana yanaşmaları və onlara təqdim edilən imkanların müqayisəsi barədə söhbət etdik.

S7 Ep 63Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı | Nəzrin Əsgərova
Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı qadınlarla bağlı mövzulara diqqət çəkmək, qadınların hekayələrini önə çıxarmaq və cəmiyyət tərəfindən geniş müzakirə edilməyən mövzuları gündəmə gətirmək üçün yaradılıb. Festival əsasən qadın rejissorların filmlərinə və ya qadınların həyat hekayələrini əhatə edən sənədli filmlərə üstünlük verir. Festivalın meneceri Nəzrin Əsgərova ilə bu təşəbbüsün missiyası, nailiyyətləri və qarşılaşdığı çətinliklər barədə danışdıq.

S7 Ep 62Neft və qaz sərvəti ilə uşaqların gələcəyinə sərmayə | Aytəkin Hüseynli
Vaşinqton Universitetinin Asistent Tədqiqat Professoru Aytəkin Hüseynli qeyd edir ki, neft, qaz və mineral sərvətlə zəngin ölkələr bu resursları olmayan zəngin ölkələrlə müqayisədə sosial müdafiə, təhsil və səhiyyə sahələrində geri qalır və bunun nəticəsində həmin ölkələrdə həm həssas qruplar, həm də bütövlükdə ailələr və uşaqlar daha çətin vəziyyətlə üzləşirlər. Qonağımız bizimlə söhbət zamanı təbii sərvətləri olan ölkələrdə uşaqların gələcəyinə sərmayə qoyulmasının mexanizmi ilə bağlı apardığı tədqiqatdan danışıb.

S7 Ep 61Məktəblərdə musiqi fənni niyə vacibdir? | Sara Timurova
Bizimlə söhbətində musiqişünas, “Akustik Palitra” Musiqi Məktəbinin direktoru Sara Timurova musiqi təhsilinin həm fərdi, həm də ictimai inkişaf üçün həyati əhəmiyyət daşıdığını bildirir. Qonağımız izah edir ki, musiqi sadəcə əyləncə vasitəsi deyil, eyni zamanda mədəni kodların daşıyıcısı, emosiyaların dili, yaddaş, sağalma, ünsiyyət və həyata məna qatan bir vasitədir. O əlavə edir ki, estetik dəyərindən başqa musiqi uşaqlar üçün güclü mənəvi və intellektual tərbiyə vasitəsi ola bilər.

S7 Ep 60İnnovasiya ekosisteminin sütunları | Tuğra Musayeva
"PAŞA Holding"in Korporativ İnnovasiyalar üzrə rəhbəri Tuğra Musayeva ilə Azərbaycandakı innovasiya ekosistemi, xüsusilə də bu ekosistemin səmərəli fəaliyyəti üçün istedadların yetişdirilməsi və dəstəkləyici mühitin yaradılması barədə danışdıq. Qonağımız innovasiyaların həm idxalı, həm də daxildə inkişafı ilə bağlı müxtəlif strategiyaların xüsusiyyətlərini izah etməklə yanaşı, innovasiyaların yaranması üçün şirkətdaxili mədəniyyətin uyğunlaşmaya məcbur olduğunu vurğulayır.

S7 Ep 59Uşaq tərbiyəsi ilə bağlı geniş yayılmış fikirlər: Mif, yoxsa həqiqət? | Murad Akifsoy
Uşaq və yeniyetmə psixoloqu Murad Akifsoy ilə cəmiyyətdə uşaq tərbiyəsi ilə bağlı geniş yayılmış fikirləri müzakirə etdik. Qonağımız cavablarında valideynlərin bəzən işlətdiyi ağır sözlər və uşaqlara qarşı təhqirlər, həmçinin disiplin anlayışının yanlış yozulması və uşaqların onlarla mübahisə etməsinə qarşı dözümsüzlükləri mövzularına xüsusi diqqət ayırdı.

S7 Ep 58Gələcəyin qidası | Nərmin Axundova
Artan dünya əhalisinin qida ehtiyaclarının qarşılanması, kənd təsərrüfatına yararlı torpaqların azalması və iqlim dəyişikliyinin yaratdığı çətinliklər qida sənayesində köklü dəyişiklikləri zəruri edir. Molekulyar bioloq Nərmin Axundova bildirir ki, bu dəyişikliklər birdən-birə baş verəcək inqilab deyil, artıq müşahidə olunan davamlı bir prosesdir. Süni ət, GMO məhsulları və qidaların zənginləşdirilməsi kimi yeni yanaşmaların istehlakçılar tərəfindən birmənalı qarşılanmadığını qeyd edən spiker vurğulayır ki, bəşəriyyət yalnız bu innovasiyaları qəbul etməklə gələcəkdə davamlı, təhlükəsiz və etik qida təminatını əldə edə biləcək.

S7 Ep 57Oyunlaşdırma nədir və necə işləyir? | Şahin Əliyev
“Dynamic Box Studio” şirkətinin həmtəsisçisi Şahin Əliyev oyunlaşdırma anlayışından və onun həm iş, həm də təhsil mühitində səmərəliliyi artırmaq potensialından danışıb. Qonağımız 1913-cü ildə Henri Fordun konveyer xəttini tətbiq etməklə istehsalata inqilab gətirməsinə baxmayaraq, bu prosesin işçilərdə motivasiya itkisinə səbəb olduğunu vurğulayır və əlavə edir ki, oyunlaşdırma yanaşması həm əməkdaşların, həm də tələbələrin motivasiyasını yüksək saxlamaq və daha yaxşı nəticələr əldə etmək üçün səmərəli vasitədir.

S7 Ep 56Təhsilin gələcəyi: Süni zəka və çoxşaxəli zəka | Abbas Abbasov
Ali təhsil üzrə tədqiqatçı Abbas Abbasov bildirir ki, bu gün təhsil sistemləri süni zəkanın yaratdığı dəyişikliklərə cavab olaraq özünü yenidən kəşf etməyə məcburdur. Qonağımız vurğulayır ki, süni zəkanın əlçatan olması ilə daha da dərinləşən böhranın əsas səbəblərindən biri təhsilin məntiqi və linqvistik bacarıqları ölçən standartlaşdırılmış imtahanlardan asılı olmasıdır. Spikerin sözlərinə görə, insan zəkası yalnız bu bacarıqlardan ibarət deyil və təhsil bütün zəka formalarını inkişaf etdirəcək şəkildə qurulmalıdır.

S7 Ep 55Xaricdə təhsillə bağlı valideynlərin buraxdığı səhvlər | Günay Məsimova
Xaricdə təhsil mütəxəssisi Günay Məsimova valideynlərin övladlarını məktəbdən uzaqlaşdıraraq diqqəti yalnız xarici universitetlərə qəbul üçün tələb olunan test hazırlığına yönəltməsinə diqqət çəkir. Qonağımız bildirir ki, bu testlər qəbul üçün vacib olsa da, məktəb fənlərinin və fundamental biliklərin arxa plana atılması gələcəkdə tələbələr üçün ciddi çətinliklər yaradır. Bununla yanaşı, qonağımız azərbaycanlı gənclərin xaricdə təhsil alarkən müstəqil həyata yetərincə hazır olmamalarının da əlavə problemlərə səbəb olduğunu vurğulayır.

S7 Ep 54Yaradıcılıq gücü: Reklamlar insan davranışını necə dəyişdirir? | Orxan Kərim
Endorphin reklam agentliyinin rəhbəri Orxan Kərim hesab edir ki, reklam kommunikasiyanın aparıcı aləti olmaqla yanaşı, cəmiyyətdə əhəmiyyətli dəyişikliklər yarada biləcək güclü bir vasitədir. Onun fikrincə, müasir brendlər yalnız satışa yönəlik kampaniyalara deyil, sosial təsir gücünə malik təşəbbüslərə də üstünlük verməlidirlər. Qonağımız əlavə edir ki, empatiya və strateji baxışa əsaslanan məqsədyönlü marketinq cəmiyyətdə uzunmüddətli dəyişikliklərə səbəb ola bilər.

S7 Ep 53Jest dili haqda bilməli olduqlarımız | Nuranə Abıyeva
Jest dili üzrə təlimçi Nuranə Abıyeva ilə bu ünsiyyət formasının cəmiyyətdə tutduğu əhəmiyyətli roldan danışdıq. Çıxışında o, jest dili ilə bağlı geniş yayılmış yanlış təsəvvürləri qeyd edərək vurğuladı ki, bu dil yalnız eşitmə və danışma məhdudiyyəti olan şəxslər və onların yaxınları üçün deyil, bütövlükdə cəmiyyət üçün önəmli ünsiyyət vasitəsidir. Qonağımız həmçinin qeyd edir ki, jest dili təkcə kommunikasiya vasitəsi deyil, həm də mədəniyyət və kimlik daşıyıcısıdır. Məhz bu səbəbdən, onun öyrənilməsi cəmiyyətin daha anlayışlı və bərabərhüquqlu gələcəyinə atılan vacib addımdır.

S7 Ep 52Azərbaycanda arıçılıq - mövcud vəziyyət və çətinliklər | Elvin Bayramlı
Azərbaycan balının zənginliyini vurğulayan arıçı Elvin Bayramlı bizimlə söhbətində qeyd edib ki, ölkə balının ixrac potensialı yüksək olsa da, bunun reallaşdırılması üçün fermerlər, şirkətlər və dövlət qurumları birgə çalışmalıdır. Qonağımız prosedurların sadələşdirilməsinə, arıçılarla dövlət qurumları arasında daha səmərəli əməkdaşlığa və baytarlıq xidmətlərinin təkmilləşdirilməsinə çağırış edir. O, əlavə edir ki, arıların qorunması qida təhlükəsizliyi və ekoloji balansın təmin olunması üçün həyati əhəmiyyət daşıyır.

S7 Ep 51Bayırşəhər: İtirə biləcəyimiz yaddaş | Elməddin Süleymanov
“Planda Bayırşəhər” sənədli filmini Bakıda tarixi məhəllələrin ardıcıl şəkildə sökülməsinə cavab olaraq çəkdiyini bildirən Elməddin Süleymanov, əvvəlki təcrübələri nəzərə alaraq bu prosesi sənədləşdirməyi öz borcu kimi qəbul etdiyini deyir. Rejissor əlavə edir ki, bu ərazilərin itirilməsi təkcə memarlıq irsinin deyil, həm də Bakı şəhərinin ruhunun və məhəllə həyatının itirilməsi deməkdir. O, həmçinin əvvəlki söküntülərin insanları doğma məhəllələrindən uzaqlaşdıraraq sosial bağları qırdığını və gündəlik həyatı sarsıtdığını da vurğulayır.

S7 Ep 50Diabet haqda bilməli olduqlarımız | Fidan Qulu
Hazırda dünyada 500 milyondan çox insan şəkərli diabetdən əziyyət çəkir və bu rəqəmin gələcək illərdə daha da artacağı proqnozlaşdırılır. Endokrinoloq Fidan Qulu ilə bu xəstəliyin əlamətləri, xüsusiyyətləri və onunla mübarizədə atılmalı olan addımlar haqqında danışdıq. Qonağımız şəkərli diabetin xroniki xəstəlik olduğunu və səssiz şəkildə ürək, böyrək, göz və damar sisteminə zərər verərək infarkt, insult, korluq və ya böyrək çatışmazlığına səbəb ola biləcəyini vurğulayıb.

S7 Ep 49Şüurlu tanışlıq nədir və bu bizi boşanmadan necə qoruya bilər?
Boşanmaların əksəriyyətinin tanışlıq mərhələsində buraxılan səhvlərdən qaynaqlandığını vurğulayan münasibət və boşanma üzrə kouç Kama Əhməd, bizimlə söhbətində terapist Deyvid Stil tərəfindən hazırlanmış “şüurlu tanışlıq” anlayışından danışdı. Qonağımızın sözlərinə görə, şüurlu tanışlığın əsas prinsiplərindən biri özünü tanımaqdır. İnsan öz dəyərlərini, ehtiyaclarını, həyata baxışını və münasibətdən gözləntilərini dəqiq bilmədən sağlam münasibət qura bilməz.

S7 Ep 48Boşanma zamanı uşaqların hüquqları qorunurmu? | Günel Əliyeva
Yeni müsahibəmizdə hüquqşünas Günel Əliyeva Azərbaycanda boşanmanın uşaqların hüquqları və emosional rifahı üzərində yaratdığı ciddi təsirlərdən danışır. Qonağımız vurğulayır ki, emosional gərginliyin yüksək olduğu boşanma prosesi zamanı tez-tez uşaqların sevgi, qayğı və hər iki valideynlə sağlam mühitdə yaşamaq kimi əsas hüquqları pozulur. Bəzi hallarda isə uşaqlardan alət kimi istifadə olunur və ya onlar emosional manipulyasiyaya məruz qalırlar.

S7 Ep 47Radio nə qədər aktualdır? | Fateh
Yeni müsahibəmizdə televiziya və radio aparıcısı Fateh gələn il 100 yaşı tamam olacaq Azərbaycan radiosunun bir əsrlik inkişaf yoluna, eləcə də rəqəmsal dövrdə radionun üzləşdiyi reallıqlara nəzər salır. Fateh çıxışında radionun Sovet dövründə totalitar təbliğat vasitəsi kimi istifadə olunmasından, müstəqillikdən sonra isə özəl radioların meydana gəlməsi ilə radionun xalqa yaxın üslublar gətirməsindən, eyni zamanda radionun Azərbaycan mədəniyyətinə və dilinə verdiyi töhfələrdən danışır. Qonağımız deyir ki, radio müasir alətlərə uyğunlaşmaq məcburiyyətindədir.

S7 Ep 46Şahmat bizə nə öyrədir? | Günay Məmmədzadə
14 yaşında qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülmüş Günay Məmmədzadə qadınlar arasında şahmat üzrə üçqat Azərbaycan çempionudur. O, yeniyetmələr arasında ikiqat dünya və Avropa çempionu olub. Hazırda Azərbaycanın ən yüksək reytinqli qadın şahmatçısıdır. Yeni müsahibəmizdə Günay Məmmədzadə ilə şahmat haqqında söhbət etmişik. Qonağımız vurğulayır ki, Azərbaycanda şahmata maraq artsa da, inkişaf üçün təkcə həvəs kifayət etmir. O, dövlət və özəl sektoru tərəfindən gənc istedadlara dəstək göstərilməsinin vacibliyini qeyd edir.

S7 Ep 45Təhsildə mədəniyyət, ənənə və innovasiya balansı | Aynurə Abdullayeva
Təhsil mütəxəssisi Aynurə Abdullayeva ilə müsahibəmizdə mədəniyyət, ənənə və qlobal trendlərin təhsilə inteqrasiyası haqqında danışdıq. Qonağımız vurğulayır ki, yerli ənənələr və mədəni dəyərlər düşünülmüş şəkildə tətbiq olunduqda, şagirdlərin yazı, nitq və tənqidi təfəkkür bacarıqları da daxil olmaqla, ümumi idrak inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərə bilər. Lakin spikerimiz xəbərdarlıq edir ki, ənənə müasir təhsilin məqsədlərinə mane olmamalıdır.

S7 Ep 44TikTok dövründə jurnalistika | Pəri Abbaslı
Yeni müsahibəmizdə jurnalist Pəri Abbaslı müasir jurnalistika və rəqəmsal mediada vertikal videoların artan təsirindən danışır. Sosial media platformalarının ənənəvi horizontal formatlardan vertikal formatlara keçidi sürətləndirdiyini qeyd edən qonağımız əlavə edir ki, bu formatdan istifadə getdikcə daha da artacaq. Pəri Abbaslı bildirir ki, vertikal videolar vətəndaş jurnalistikasını gücləndirir, lakin xəbərlərin bu şəkildə demokratikləşməsi müəyyən risklər də yaradır.

S7 Ep 43İş yerində ayrı-seçkilik və seksual qısnamaya qarşı mübarizə | Mehri Rzayeva
Hüquqşünas Mehri Rzayeva iş yerlərində cinsi ayrı-seçkilik və seksual qısnamaya dair problemlərə toxunur və qadınların bu halları sübut etməkdə qarşılaşdıqları çətinlikləri vurğulayır. Qonağımız izah edir ki, diskriminasiya daha çox işə qəbul, vəzifəyə yüksəlmə və əmək haqqı ilə bağlı danışıqlar zamanı baş verir. Mehri Rzayeva bildirir ki, Azərbaycanın əmək qanunvericiliyində bu məsələlərlə effektiv mübarizə aparmaq üçün aydın daxili qaydalar və icra mexanizmləri yoxdur.

S7 Ep 42Sabunçunun tarixi: Neft, multikulturalizm və unudulmuş hekayələr | Müşfiq Əkbər
Yeni müsahibəmizdə tarixçi Müşfiq Əkbər Bakının unudulmuş Sabunçu kəndinin zəngin, lakin diqqətdən kənarda qalmış tarixi və mədəni potensialı haqqında danışır. Qonağımız Sabunçu xəstəxanasını, Nobel qardaşlarının işçi şəhərciyini, elektrik stansiyasını və buradakı multikultural yaşayış tərzini xüsusi vurğulayır. Müşfiq Əkbər bildirir ki, Sabunçu bərpa olunsa, bu məkan Azərbaycanın sənaye, mədəni və multikultural tarixi üçün nadir bir turizm istiqamətinə çevrilə bilər.

S7 Ep 41Azərbaycan Biznes Keys Müsabiqəsi | Səkinə Qaragöz
Azərbaycan Biznes Keys Müsabiqəsinin məzunu və təlimçisi Səkinə Qaragöz bu yarışma ilə bağlı təcrübəsini və onun peşəkar inkişafına necə təsir etdiyini bölüşür. Qonağımız qeyd edir ki, bu müsabiqə tələbələrə real biznes problemlərini müəyyənləşdirməyi, məhdud resurslarla strateji həll yolları tapmağı, eləcə də strateji düşünmə, ünsiyyət və əməkdaşlıq kimi əsas bacarıqları inkişaf etdirməyi öyrədir. Səkinə Qaragöz əlavə edir ki, bu müsabiqə tələbələrə nəzəriyyədən daha çox praktiki təcrübə qazandırır.